Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin açıqlaması, yumşaq desək, alt mətnli və əhəmiyyətsiz idi. Faktiki olaraq təxribata cəhd edən erməni tərəfi beynəlxalq gündəmin gözünü boyamaq üçün bəzi bəyanatlar verdi. O, araşdırma aparacağına, vəziyyətin araşdırılacağına və atəş açılmaması ilə bağlı göstərişin pozulması faktı təsdiqlənərsə, təqsirkarların məsuliyyətə cəlb ediləcəyinə söz verdi. Yəni əvvəlki məntiq bu dəfə də işləyir. Lakin erməni təxribatına cavab açıqlamalar səviyyəsində qala bilməzdi. DSX “Qisas əməliyyatı” həyata keçirdiyini, Nerkin Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postunun darmadağın edildiyini açıqladı.
Hələ də öz işğalçı ambisiyalarından uzaqlaşa bilməyən Ermənistan üçün “Qisas əməliyyatı” adı yaxşı şeylərdən xəbər vermir. Azərbaycan bu ifadədən 2022-ci il avqustun 3-də separatçı ünsürlərə əsaslı zərbələr endirərkən istifadə edib. Əslində bu, təxribatların davam edəcəyi təqdirdə nələrin yaşana biləcəyinə dair xəbərdarlıq idi. Təbii ki, ermənilər indi olduğu kimi o zaman da təxribatlara ara vermədi.
Nerkin Hand bölgəsində vəziyyətin gərginləşməsi Çexiya vətəndaşının sərhədi keçməsindən və Avropa İttifaqının Bakıdakı səfirinin XİN-ə dəvət olunmasından sonra baş verir. Bu gün Ermənistan-Azərbaycan sərhədi Aİ missiyasının müşahidə zonası adlandırılır. Ermənistan təxribatları dayadırmasa, sülh gündəminə doğru real addımlar atmasa, Rusiya hərbi kontingentinin məsuliyyəti sahəsində olduğu kimi, Aİ missiyasının müşahidə zonasında da problemlər müvafiq qaydada həll ediləcək. Ermənistan Qarabağda olduğu kimi həm təxribat törədib, həm də Aİ-nin müşahidə missiyasının olması “faktı”ndan istifadə edə bilməz və əslində bu yanaşma missiyanın fəaliyyətini ifşa edir.
Ermənistan faktiki olaraq sərhəddəki sabitliyi pozan tərəfdir. Ermənistanın müvafiq qurumları Azərbaycan ərazisinə keçən Çexiya vətəndaşının kim olduğu, müdafiə xəttindən necə yan keçdiyi barədə yaxşı məlumatlıdırlar. Onlar əslində avropalı müşahidəçilərin vəziyyətin sabitləşməsinə töhfə vermədiklərini, əksinə, əlavə çətinliklər yaratdıqlarını təsdiqləyirlər.
Azərbaycan Ermənistanın təxribatlarına bundan sonra daha sərt cavab veriləcəyini qəti şəkildə bildirdi. Ermənistan tərəfindən təxribatların olacağını elan etmək və buna müvafiq xəbərdarlıqlar etmək isə o deməkdir ki, Bakı Ermənistanın planlarını ən yüksək səviyyədə anlayır və məlumatlıdır.
Asif Cəfərov
Ordu.az